Şeirlər

İnsanların sevdiyi və tövsiyə etdiyi şeirlər · 8 şeir

Bəsimdir

Gülzar üzünü yar mənə göstərsə bəsimdir

Könlüm oradan bir dənə gül dərsə bəsimdir

Mən istəmərəm başqa gözəllər məni sevsin

Öz yarım əgər xətrimi istərsə bəsimdir

Yoxdur fikirim xalça olum yad başı üstə

Kandarda həsir tək məni yar sərsə bəsimdir

Mən istəmərəm tutsa səsim külli-cahanı

Allah mənə bir zümzümə göndərsə bəsimdir

Məşədibaba Aydəmirov

Qarışqa ömrü

Yaşamaq, doğrudan, çox gözəl işdir,

Bir az pulun olsun, bir az imkanın.

Dörd yanın şıdırğı alış-verişdir;

Arzu bazarıdır, ümid dükanı.

Dolan bu bazarı, atam balası,

Simiclik eləmə qəpik-quruşa.

Lənkəran limonu, Şəki halvası,

Turşu şirinə qat, şirini turşa.

Ramiz Rövşən

Vəfalıymış

Nə vaxta arxalan, nə baxta aldan,

Nə dövran, nə də bir çağ vəfalıymış.

Minbir daşürəkli dostdan, tanışdan

Bir daşlı, qayalı dağ vəfalıymış...

Nə toxa bel bağla, nə aca söykən,

Nə şaha arxalan, nə taca söykən,

Özün basdırdığın ağaca söykən,

Bağbandan min dəfə bağ vəfalıymış...

Zəlimxan Yaqub

Ayrılıq

Yenə bu şəhərdə üz-üzə gəldik,

Neyləyək, ayrıca şəhərimiz yox.

Bəlkə də, biz xoşbəxt ola bilərdik,

Bəlkə də, xoşbəxtik, xəbərimiz yox.

Aradan nə qədər il keçib görən, -

Tanıya bilmədim, məni bağışla.

Mən elə bilirdim, sənsiz ölərəm,

Mən sənsiz ölmədim, məni bağışla!

Ramiz Rövşən

Ürək

Ürək odur daim yana,

Od püskürə alovlana.

Od vermirsə qəlbə, cana

Demək, o, heç ürək deyil.

O, heç mənə gərək deyil.

Əgər ki, sevinib gülmür,

Döyüntüsün heç kim bilmir,

Çırpıntısı eşidilmir

Bəxtiyar Vahabzadə

Allahdan istəyim

Diz çöküb qarşında dua edirəm

Ucalardan uca bilirəm səni

Saxla öz yanında ruhumu, Allah

Bir də bu dünyaya gətirmə məni

Sirli röyalarım dağılacaqsa

Arzum gözlərimdə boğulacaqsa

Əzabım mənimlə doğulacaqsa

Bir də bu dünyaya gətirmə məni

Nüsrət Kəsəmənli

Yağış

Bu yerləri, bu göyləri yağış yuyur, gün qurudur,

Bu dünyada çox şeyləri yağış yuyur, gün qurudur.

Gözümüzün yaşını da, bağrımızın başını da.

Qəbrimizin daşını da, yağış yuyur, gün qurudur.

Gələn nədi, gedən nədi?

Bələk nədi, kəfən nədi?

Bu dünya öz kefindədi,

Yağış yuyur, gün qurudur.

Ramiz Rövşən

Nə bilsin külək?

Kirli köynəyimi yumuşdu anam,

külək bulamışdı... nə bilsin külək?

Mənsə hirslənmişdim anama onda,

anam ağlamışdı... nə bilsin külək?

Bir gün dalaşmışdım qonşu uşaqla,

üstəlik anasın söymüşdüm onun.

O isə hikkəsindən bir yekə torba

yarpaq tıxamışdı buxarımıza.

Şəhriyar Del Gerani