Ürək

Ürək odur daim yana,

Od püskürə alovlana.

Od vermirsə qəlbə, cana

Demək, o, heç ürək deyil.

O, heç mənə gərək deyil.

Əgər ki, sevinib gülmür,

Döyüntüsün heç kim bilmir,

Çırpıntısı eşidilmir

Demək, o, heç ürək deyil.

O, heç mənə gərək deyil.

Vətəniyçün lazım gəlsə

Polad kimi gərilməsə,

Torpağına sərilməsə

Demək, o, heç ürək deyil.

O, heç mənə gərək deyil.

Neyləyirəm o ürəyi?

Yox arzusu bir diləyi!?

Bacarmırsa o, sevməyi

Demək, o, heç ürək deyil.

O, heç mənə gərək deyil!