Bəsimdir
Dinlə
Bəsimdir — səsləndirmə
Gülzar üzünü yar mənə göstərsə bəsimdir
Könlüm oradan bir dənə gül dərsə bəsimdir
Mən istəmərəm başqa gözəllər məni sevsin
Öz yarım əgər xətrimi istərsə bəsimdir
Yoxdur fikirim xalça olum yad başı üstə
Kandarda həsir tək məni yar sərsə bəsimdir
Mən istəmərəm tutsa səsim külli-cahanı
Allah mənə bir zümzümə göndərsə bəsimdir
Çoxdur neçə il dərsə gedib alim olanlar
Bir dəfə gedib gəlsəm əgər dərsə bəsimdir
Adəm baba tək şeytana aldanmaram əsla
Bir dəfə düşübdür işimiz tərsə bəsimdir
Mən cahi-cəlal istəmərəm ey Baba haqdan
Hər gün mənə bir parça çörək versə bəsimdir...