Allahdan istəyim

Diz çöküb qarşında dua edirəm

Ucalardan uca bilirəm səni

Saxla öz yanında ruhumu, Allah

Bir də bu dünyaya gətirmə məni

Sirli röyalarım dağılacaqsa

Arzum gözlərimdə boğulacaqsa

Əzabım mənimlə doğulacaqsa

Bir də bu dünyaya gətirmə məni

Namərdi mərdindən çox olacaqsa

Alim ac, gədalar tox olacaqsa

Yaranmışlar bir gün yox olacaqsa

Bir də bu dünyaya gətirmə məni

Bu dünya zövq-səfa verməsə əgər

Hər dərdə bir şəfa verməsə əgər

Əzrayil istefa verməsə əgər

Bir də bu dünyaya gətirmə məni

Bu yalan dünyanın tərs aynası var

Sevincə bənzəyən çox bəlası var

Təkrar görməyimin nə mənası var?

Bir də bu dünyaya gətirmə məni

Gördüm bu dünyanı, quru qəfəsdi

Sən bizə verdiyin ibrətli dərsdir

Bir dəfə peşman olmuşam, bəsdir

Bir də bu dünyaya gətirmə məni

Diz çöküb qarşında dua edirəm

Ucalardan uca bilirəm səni

Saxla öz yanında ruhumu, Allah

Bir də bu dünyaya gətirmə məni